Kondoliza Rays
Kondoliza "Kondi" Rays (ing. Condoleezza "Condi" Rice) — ABŞ diplomatı, siyasətşunas. O, 2001-2005 illərin arasında ABŞ-nin 20-ci milli təhlükəsizlik məsləhətçisi, 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi idi.
== Həyatı ==
Kondoliza Rays 1954-cü ilin 14 noyabrında ABŞ-nin Alabama ştatının Birmingem şəhərində anadan olub. 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, 1975-ci ildə Notrdam Universitetinin magistratura pilləsini bitirən Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib.
K. Rays hazırda Sənət və Elm Akademiyasının üzvüdür. O, 1991-ci ildə Morhaus kollecinin, 1994-cü ildə Alabama Universitetinin, 1995-ci ildə Notrdam Universitetinin və 2003-cü ildə Missisipi kollecinin Hüquq fakültəsinin doktoru adına layiq görülüb.
K.Rays 1999-cu ildə Stenford Universitetində 6 il ərzində dosentlik işini tamamlayıb.
Rays Stenforddakı fəaliyyəti dövründə "Beynəlxalq Təhlükəsizlik və Silahlanmaya Nəzarət Mərkəzi"nin və "Beynəlxalq Fəaliyyət İnstitutu"nun üzvü olmaqla yanaşı, Huver İnstitutunda da işləyib.
Corc Buşun prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Rays Buşun ikinci idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsini tutub.